Əliyevlərin ofşor şirkətlərinə ödənilən milyonlar

AzerGold” QSC Çovdar qızıl yatağının işlənməsi huququnun əldə edilməsindən ötrü 2016-2017-cı illərdə xarici şirkətlərə 158 milyon ABŞ dolları ödəyib. Dövlət qızıl şirkəti bu vəsaitin əsas hissəsini iki yerli bankdan –“Paşa Bank” ASC və “Xalq Bank” ASC-dən kreditlə götürüb. Kreditlər bir başqasına deyil, elə bu bankların sahiblərinə – Azərbaycanda hakim ailəyə məxsus ofşor şirkətlərə ödənmək üçün götürülüb. “AzerGold”, necə deyərlər, indi həm də bu bankların sahiblərinə faiz ödəməkdən ötrü qızıl çıxarır.

2016-cı ildə tərəflər razılığa gələrkən hökumət ağır şərt qarşısında qoyulmuşdu: vəsait 1 avqust 2017-ci ilə qədər ödənilib qurtarmalıydı.

“AzerGold” QSC-nin 2016-cı və 2017-ci illər üzrə maliyyə hesabatlarının (bu hesabatlar Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanıb) audit yoxlamasını “Ernst & Young Holdings (CİS) B.V.”nin Azərbaycan filialı aparıb. Bu ilin fevral ayının 22-də hesabatlara (https://goo.gl/XMCngn) müsbət rəy verilib. Hesabat 5 iyul 2016-cı ildən başlanan və 31 dekabr 2017-ci il tarixində yekunlaşan dövrü əhatə edir. Ofşor şirkətlər qarşısında götürülən öhdəliklər və onların icrası barədə elə bu hesabatda yazılır.

Prezident qızlarının 56%-lik qızıl payı

2012-ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsinin başladığı araşdırmalar (https://www.azadliq.org/a/eliyev-qizil/27654902.html) qızıl yataqlarıyla bağlı layihədə Azərbaycan prezidentinin qızlarının –Leyla və Arzu Əliyevaların 56%-dək pay hüququ olduğunu aşkara çıxardı. Araşdırmalara görə, bacılar qızıl yataqlarında “Globex International LLP” şirkəti vasitəsilə 11%, “Londex Resources S.A.” şirkəti vasitəsilə 45% həcmində paya sahib idilər.

Jurnalist araşdırmaları nəticəsində bir fakt da ortaya çıxdı, məlum oldu ki, konsorsiumun əsas iştirakçısı – “Londex Resources S.A.” şirkəti bu layihənin icrası üçün 146 milyon dollar məbləğində kredit götürüb. Və bu vəsait də bir başqasından yox, yenə “Xalq Bank” və “Paşa Bank”dan götürülübmüş. Ozamankı maliyyə sənədlərində “Londex Resources S.A.” şirkəti mədənçilik biznesinin yaradılmasına 230 milyon dollar xərclədiyini qeyd edirdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yataqlar haqda saziş bağlanan dövrdəki (2006-cı il) iddiasına görə, təkcə Çovdar yatağında 44 tondan artıq qızıl və 164 tondan artıq gümüş vardı. Xarici şirkətlərin konsorsiumu müqavilə dairəsinə daxil olan yataqları 30 il ərzində istismar etməyi nəzərdə tuturdu. Lakin “Panama” sənədləri konsorsiuma daxil olan şirkətlərin sahiblərinin kimliyini aşkara çıxarandan sonra qızıl yataqlarında hasilat zəifləməyə başladı, 2014-cü ildə iş tamamilə dayandırıldı.

Nəhayət, 2016-cı il mayın 25-də prezident İlham Əliyev yataqlarla bağlı fərman (https://president.az/articles/19947) imzaladı. Həmin sənədlə “AzerGold” ASC-yə “Londeks Resorzis S.A.”, “Will and Meyris S.A.”, “Fargeit Mining Korporation” və “Globex İnternational LLP” şirkətlərindən Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişdəki (http://www.e-qanun.az/framework/13380) payların alınması tapşırıldı. Fərmanda deyilirdi ki, konsorsiuma daxil olan şirkətlər iştirak paylarını satmaq niyyətlərini hökumətə çatdırıblar. Sonra hökumət “beynəlxalq təcrübəyə uyğun şəkildə aparılmış” qiymətləndirmə nəticəsində həmin payların əldə olunmasının iqtisadi səmərəliliyinin təsdiq olunduğunu “aşkara çıxarıb”. Fərman imzalanandan az sonra – avqustun 4-də tərəflər arasında payların alqı-satqı müqaviləsi bağlanıb.

Kağız parçasına görə 95,4 milyon dollar

“AzerGold”un yenicə açıqlanmış maliyyə hesabatında qeyd edilir ki, o, hökumət adından keçmiş podratçılardan (sazişi imzalayan 4 şirkətdən) dağ-mədən və kəşfiyyat işlərinin aparılması hüququnu ehtiva edən “aktivlər qrupu” alıb. Sənəddə “biznes olmayan” kimi təqdim edilən bu “aktivlər qrupu” nə deməkdir?

Çovdar Oksid yatağında dağ-mədən işlərinin aparılması üzrə hüquqları hökumət 52.081.248 ABŞ dolları məbləğində qiymətləndirib. Çovdar Sulfid və Filizçay yataqlarında kəşfiyyat fəaliyyəti üzrə hüquqlara görə isə 22.620.465 ABŞ dolları və 20.702.693 ABŞ dolları məbləğlərində ödəniş edilib. Belə çıxır ki, dövlət qızıl yataqlarının işlənməsi sazişini “göydəndüşmə” əldə etmiş ofşor şirkətlərə təkcə qeyri-maddi əmlak olan hüquqlara görə toplam $95,4 mln. ödəyib. Lakin elə müqavilə imzanan ilin sonuna Çovdar yatağı üzrə 21 milyon dollardan artıq dəyərsizləşmə zərəri hesablanıb. Səbəb kimi “qızılın qiymətinin azalması” göstərilib.

Hələ çıxarılmamış qızılı satmaq haqda razılıq əldə edilib

Hesabatda dağ-mədən və kəşfiyyat işlərinin aparılması hüquqlarının necə qiymətləndirilməsi məsələsinə aydınlıq gətirilir. Bu hüquqlar “potensial mineral ehtiyatlarının və yığılmış tükənmənin qiymətləndirilməsindən irəli gələn dəyərsizləşmə üçün ehtiyatları çıxmaqla maya dəyəri ilə” uçota alınıb. Dağ-mədən və kəşfiyyat işlərinin aparılması hüquqları hasilat sahəsinin cəmi ehtiyatları üzrə istehsal vahidi əsasında tükənməyə silinir. Sadə dildə bu o deməkdir ki, ofşor şirkətlər dövləti təmsil edən “AzerGold” QSC ilə “hələ çıxarılmamış qızılı satmaq” haqda razılaşıblar.

“AzerGold” bildirir ki, o, dağ-mədən və kəşfiyyat işlərinin aparılması hüququnun ədalətli dəyərini hesablayarkən, qızıl mədənlərinin xidmət müddəti planını əsas götürüb. Eyni zamanda gələcək hasilatı, qızıl və gümüşün qiymətlərini, əməliyyat məsrəflərini və əsaslı xərclər üzrə proqnozları da hesablayıb. Çovdar yatağındakı mədənlərin 2028-ci ildən 2030-cu ilədək olan dövr ərzində fəaliyyətini dayandıracağı gözlənilir. Bu illər ərzində yataqdan çıxarılacaq qızılın hasilat xərclərini qarşılamağa kifayət edib-etməyəcəyi isə indidən sual doğurur.

“Aktivlər qrupu”na əsasən Çovdar Oksid yatağındakı istehsal mədənləri daxildir. Alqı-satqı zamanı mədənlərə təxminən 23 milyon dollar qiymət qoyulub. Digər əmlak və avadanlıqlar 1 milyon dollar qiymətləndirilib. Müqavilə bağlanan ərəfədə konsorsiumun sərəncamındakı mal-materiala 40,2 milyon dollar qiymət kəsilib. Bunun 34,8 milyonu qızıl külçələrdir.

“AzerGold” kimlərə borcludur?

Ofşor şirkətlərə ödənilmiş vəsaitin əsas hissəsi (139, milyon dollar) kredit hesabına maliyyələşib. Qalan hissə (19 mln. dollar) isə qızıl külçələrinin satışından əldə edilmiş pul hesabına ödənilıb. Vəsaitin 131,8 milyon dolları 2016-cı ildə, qalan 25,5 milyon dolları isə növbəti il ölkədən çıxarılıb. Düzdür, “AzerGold” razılaşdırılmış qrafikdən bir qədər kənara çıxıb və 0,7 milyon dolları 2018-ci ildə ödəyə bilib.

“AzerGold” QSC “Xalq Bank”-dan 116 milyon, “Paşa Bank”-dan isə 23,4 milyon dollar kredit götürüb. Hər iki bank krediti illik 4%-lə verib. Kreditlər 2021-ci ilin noyabr ayının 25-dək tam ödənilib qurtarmalıdır.

Borcu 110 milyonu aşan şirkət ildə 7 milyon qazanırsa…

“Paşa Bank” ASC-nin dövlət qızıl şirkəti ilə kredit sövdələşməsi bununla bitmir. 2016-cı ilin noyabrında “AzerGold” ondan dövriyyə vəsaiti kimi 10 milyon dollar (illik 4%-lə) kredit götürüb. Lakin 2017-ci ilədək bunun bir hissəsini ($4,2 mln.) istifadə edib, qalanını geri qaytarıb. Ümumiyyətlə, 2018-ci ilin əvvəlinə qızıl şirkətinin banklara olan borcu 110 milyon dolları aşırdı.

Bəs qızıl hasil edib satmaqla bu borcların öhdəsindən gəlmək olacaqmı? 2017-ci ildə qızıl və gümüş satışından 75.868.100 ABŞ dolları əldə olunub. Lakin bunun 80%-i hasilat xərclərinin qarşılanmasına xərclənib. Bundan başqa, 2,7 milyon dollar şirkətin inzibati xərclərinə sərf olunub. Bunun 131.222 dolları üç şəxsə: ASC-nin sədri, onun müavini və maliyyə şöbəsinin müdirinə ödənilib. Hərəyə ayda, orta hesabla, 3645 dollar düşür.

Əgər “Gəlir və xərclər” hasabatında “əvvəllər dəyərsizləşmiş kəşfiyyat işlərinin aparılması hüquqları üzrə dəyərsizləşmə zərərinin geri qaytarılması” kimi təsnifləndirilən formal “gəlir” nəzərə alınmazsa, “AzərGold” QSC digər məsrəflər də hesablanmaqla il ərzində vur-tut 7,4 milyon dollar mənfəət qazanıb. Bu gəlirlə borcları yaxın 3 il ərzində dövlətin köməyi olmadan qaytarmaq çətin olacaq.

“AzerGold” QSC 11 fevral 2015-ci il tarixli fərmana əsasən yaradılıb, 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr