Yerli malların ticarəti 46 faiz azalıb

AXCP İqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev

Yerli malların ticarəti son 4 ildə 8,7 milyard dollar və ya 46% azalıb. Bu azalmanın 1,4 milyardı və ya 16%-i yalnız 2018-ci ilin hesabınadır. Təcili tədbirlər görülməlidir. Yerli mallar daxili bazarlardan sıxışdırılıb çıxarılır. Belə bir şəraitdə istehsalda inkişafdan deyil, tənəzzüldən danışılmalıdır.

Daxili bazarlarda yerli malların ticarət dövriyyəsi əvvəlki ilə nəzərən 2018-ci idə 1,4 milyard dollar və ya 12%-ə yaxın azalaraq 11,7 milyarddan 10,3 milyarda düşüb. Dövlət Gömrük Komitəsi və Dövlət Statistika Komitəsinin açıqladığı məlumatların təhlili göstərir ki, 2017-ci ildə yerli malların daxili ticarətində müəyyən müsbət nəticələr əldə olunsa da, 2018-ci ildə həmin nəticələrin, demək olar, hamısı itirilib. Əvvəlki illərə baxdıqda isə bu sahədə vəziyyətin fəlakətli həddə olması üzə çıxır. Əgər 2014-cü ildə yerli malların ticarət dövriyyəsi 19 milyard dollar olmuşdursa, bu göstərici 2015-ci ildə 15,7 milyard dollar, 2018-ci ildə isə 10,4 milyard dollar olub. 2015-ci ildə 3,3 milyard (17%) azalan dövriyyə, sonrakı illərdə daha 5,4 milyard və ya 34% azalıb. Bu hesabla, ötən 4 ildə yerli malların daxili ticarətindən itkilərimiz 8,7 milyard dollar və ya 46% olub (qeyd: bu dövrdə qeyri-neft mallarının ixracı da azalıb).

Bu azalma həm əhali və dövlət büdcəsinin, yerli istehsalla məşğul olan fiziki və hüquqi şəxslərin yüz milyonlardan məhrum olması, həm də minlərlə iş yerlərinin itirliməsi anlamına gəlir. Dinamika üzrə aparılan hesablamalar göstərir ki, yerli malların daxili bazarlarda ticarət payı son 4 ildə 67%-dən 47%-ə düşüb. Bu tendensiya əcnəbi malların bazar payının, mütənasib qaydada, 33%-dən 53%-ə qədər artması ilə müşayiət olunub. Deməli, yerli mallar yerli bazarlardan da sıxışdırılıb çıxarılır və boşalmış yerlər əcnəbi mallar hesabına dolmaqdadır.

Belə bir şəraitdə istehsalın inkişafından danışmaq əsla mümkün deyil. Yerli malların daxili ticarətində əmələ gələn bu itkilər istehsala ciddi zərbə kimi dəyərləndirilməlidir. Çünki mübadilə mərhələsində ilişib qalan istehsalçı inkişaf edə, perspektivli sayıla bilməz. İstehsal elədiyi malları realizə edə bilməyən istehsalçının istənilən iqtisadi təşəbbüsləri öləziyər, ümidləri sarsılar. Belə bir vəziyyətə düşmüş istehsalçıdan istehsalın genişləndirilməsi, yeni iş yerlərinin açılması yönündə olan bütün gözləntilər bumeranq effekti verərək geri qayıdar. Odur ki, istehsalçıların daxili ticarətdə belini qıran bu mənfi tendensiyanın durdurulması və onun doğurduğu ağır nəticələri aradan qaldırılması gündəmin əsas mövzusu kimi diqqətdə saxlanmalıdır. Satış mərhələsində ticarət prosesinin iştirakçılarına yönəlik təcili təşviqedici tədbirlər həyata keçirilməli, bütün kateqoriya maneələr aradan götürülməlidir. İlk növbədə vergi məmurlarının ticarətçilərdə, elə həm də istehsalçılarda allergiya doğuran davranışlarına, özbaşınalıqlarına son qoyulmalı, vergi-sahibkar münasibətlərnin hazırkı sistemi köklü şəkildə dəyişməli, monopoliya və haqsız rəqabət aradan götürülməli, ümumi iqtisadi şəraitin yaxşılaşdırılması yönündə təsirli tədbirlər həyata keçirilməlidir.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr