Yanğının şahidi: Narkoloji Mərkəzi Məhəmmədin yandırdığına inanmıram

"Tək mən yox, hamı sürünə-sürünə çıxırdı"

Martın 2-də Respublika Narkoloji Mərkəzində 25 nəfərin ölümünə səbəb olmuş yanğınla bağlı məhkəmə araşdırmaları üç aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində gedir. Noyabrın 2-də məhkəmədə hadisə vaxtı mərkəzdə olub, baş verənləri öz gözü ilə görmüş şahidlər, həmçinin doğmalarını yanğında itirən zərərçəkmişlər ifadə veriblər.

Yanğında ölən Elxan Əsədovun qardaşı Elçin Əsədov bildirib ki, hadisədən internet vasitəsilə xəbər tutub. Ancaq qardaşının ölümünü onlara “morq”dan deyiblər. E.Əsədov ora yanğından iki gün əvvəl gedibmiş, müalicə olunmaq istəyirdi...

Zərərçəkmiş Xalidə Baxışovanın da qardaşı Tərlan Qəribov yanğında ölüb. Bacısı bildirib ki, qardaşına evdə müalicə olunmağı, sistemlər köçürməyi təklif edib. Sonra onun başı qarışıb, bir də eşidib ki, qardaşı artıq xəstəxanadadır. Onlara da qardaşının ölümü barədə “morq”dan xəbər veriblər.

Yanğının şahidi olmuş Zaur Murtuzayev ifadəsində bildirib ki, həmin vaxt orada müalicə olunurdu. Bundan əvvəl də orada müalicə alıb: "Mən nə vaxt orada müalicə olunmuşamsa, Məhəmməd kişi də orda olub. Axırcı dəfə hadisədən on gün əvvəl ora getmişdim. Palata yoldaşım Elşən yanğın vaxtı öldü. Həmin günü dəhşətli külək vardı, yata bilmirdim. Birdən tüstü iyi gəldi, qapını açdım, gördüm yanır. Bütün dəhliz tüstü idi. Qışqırdım ki, hamı oyansın, özüm də qaçdım".

Digər zərərçəkən Vüqar Kərimov yanğın vaxtı orada olub. O bildirir ki, dəfələrlə Mərkəzdə narkomaniyaya görə müalicə alıb. Axırıncı dəfə Jenya və Qulu adlı şəxslərlə 12-ci palatada qalırdı.

Yanğını törətməkdə təqsirləndirilən 64 yaşlı Məhəmməd Məmmədovu da uzun müddətdir tanıdığını deyən zərərçəkmiş hadisənin səbəbkarının o olduğunu düşünmür: "Məhəmməd də orada çoxdan yatan idi. Onunla yaxşı münasibətimiz olub. Sakit kişiydi. Onun oranı yandırmasına inanmıram.

V.Kərimov bildirib ki, oyananda bütün dəhliz artıq tüstü idi, hər yer yanırdı: "Yanğınsöndürənlərin yanına çatanda yerə yıxıldım. Tüstü məni boğurdu. Məni yanğınsöndürənlər çıxartdı".

Hadisədən bir gün öncə müalicəyə gəlmiş Ramil Alməmmədli ifadəsində bildirib ki, gözətçi onu sürüyə-sürüyə çıxarıb: "Təzə gəldiyim üçün oranı tanımırdım, bilmirdim necə çıxım. Tək mən yox, hamı sürünə-sürünə çıxırdı".
Məhkəmə noyabrın 6-da davam edəcək.

Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə almış Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunur. Əvvəlcə o, həbs olunub.

Daha sonra Mərkəzin sabiq direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev və şöbə müdiri Azad Ələkbərov həbs olunub. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Başqa bir şöbə müdiri Afət Məmmədova isə həbs olunmasa da, onun da barəsində cinayət işi başlanıb, CM-in 311-ci (rüşvət alma) maddəsilə ittiham elan olunub.

A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun barəsindəki cinayət işi ayrılıb. O, sentyabrın 28-də vəfat edib.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr