100 il əvvəlki uğuru təkrar etməyi bacaracağıq!

Nəsimi Məmmədli

Azərbaycanı özünə vətən sayanlara salam olsun!
Harada yaşamasından asılı olmayaraq ölkəmizin adına ləkə gətirməyən, rüşvətə, korrupsiyaya bulaşmayan, insan hüquq və azadlıqlarına hörmət edən, haqqı və ədaləti deməkdən çəkinməyən, təqsirsiz həbs edilib siyasi məhbus həyatı yaşamağa məhkum edilmiş dəyərli insanları, habelə, gecə-gündüz təmas xəttində, səngərlərdə keşik çəkən əsgər və zabitlərimizi AXC-nin 100 illiyi münasibətilə təbrik edirəm.

100 il öncə Cümhuriyyəti quran babalarımızın min müşkülatla, məşəqqətlə qazandıqları misilsiz uğurları tarixdən öyrəndikcə onlar gözümüzdə daha da böyüyür, müqəddəsləşir. Xarici və daxili düşmənlərimizin onlara yaşatdıqları zülmü, istibdadı lənətlə və nifrətlə xatırlayırıq. Biz çox xoşbəxt xalqlardanıq ki, 100 il öncə dövlət qurmuş və bu gün də o bayrağın altında yaşayırıq.

Bir əsr arxada qalır. Ancaq, Cümhuriyyət qurucularının davamçıları ilə, onlara qənim kəsilənlərin davamçıları arasında savaş hələ də bitməyib. 100 il öncə hansı qəddarlıqla, amansızlıqla, həyasızlıqla, əxlaqsızlıqla azadlıq istəyənlərin önü kəsilirdisə, bu gün də o tendensiyanı davam etdirmək arzusunda olanlar var.

Vətənin ağır mənəvi-psixoloji, ictimai-siyasi yükünün altına çiyin verən övladları təəssüf ki bu gün də ağır basqı, sınaq, mərhumiyyət altındadır. Bu gün də cümhuriyyətçi gənclər işdən azad edilir, təqib olunur, qondarma ittihamlarla həbsə atılır, ailəsi bir tikə çörəklə sınağa çəkilir, körpələri gözü yaşlı, yaşlı valideynləri isə övlad yolu gözləyərək ömürlərini başa vurur. Dövlətimiz olsa da, ərazilərimizin 20 faizi işğalda, əhalimizin əksəriyyəti isə öz dolanışığı, firavanlığı, təhlükəsizliyi, xoşbəxtliyi və azadlığı üçün ölkədən didərgin düşüb.

Yetkin insanlarımızın hamısı bilir ki, uzun müddətdir dövlətimizi və ölkəmizi xalqımızın gözündən salmaq üçün dəridən qabıqdan çıxan məkirli düşmənlər ölkəmizə qarşı çox uğurlu ittifaq yarada biliblər. Öz çirkin niyyətlərini hər yerdə müxtəlif vasitələrlə həyata keçirirlər. Öz cilidini dəyişərək gah xaricdə, gah da ölkədə müqəddəs dəyərlərimizə ləkə yaxmağa çalışırlar. Hər fürsətdə millətimizin dürüst, əqidəli, cəsarətli övladlarını məhv etməyə, sındırmağa çalışırlar.

Əziz həmvətənlərim, savadlı, yetkin, cəsarətli və ləyaqətli vətəndaşlarımız!
Qarşımızda çox mürəkkəb bir neçə missiya var. Onları həll etmək məhz bizim mənəvi borcumuzdur. İradəsi zəif, qorxaq, yaltaq, tamahkar, şöhrətpərəst, əxlaqsız insanlara baxıb qətiyyən ruhdan düşməyin. Nə qədər ağır olsa da onların da yükünü biz daşımalıyıq. Başqa çarəmiz yoxdur. Basqılar qarşısında sınmayan, mərd, mübariz, dürüst insanlara baxıb qəddimizi dik saxlamalıyıq. Bundan sonra da irticanın ağır hücumları istisna deyil. Çətin olacaq, ancaq mütləq bacaracağıq! O gün çox yaxındadır. Bayramınız mübarək olsun!


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr