Dövlət büdcəsi şəffaf deyil

Samir Şərifovun açıqlamasından bu qənaətə gəlmək olur

“Əhalinin valyuta kreditlərilə bağlı kompensasiyalara və sosial müdafiə tədbirlərinə tələb edilən əlavə vəsait 2019-cü ilin büdcəsində öncədən nəzərdə tutulmuşdu”

Rövşən Ağayev, iqtisadçı-ekspert

Maliyyə naziri telekanallardan birinə açıqlamasında deyib ki, əhalinin valyuta kreditlərilə bağlı kompensasiyalara və sosial müdafiə tədbirlərinə tələb edilən əlavə vəsait 2019-cü ilin büdcəsində öncədən nəzərdə tutulmuşdu. Ona görə də cari maliyyə ili üzrə qanunun dəyişdirilməsi üçün parlamentin prosesdə iştirakına ehtiyac yoxdu.
Gerçəkdən də hazırkı büdcə qanunvericliyi parlament vasitəsilə büdcənin dəyişdirilməsi üçün 2 hüquqi zərurət müəyyən edib:

1) Büdcənin gəlir və xərclərinin, həmçinin büdcə kəsirinin maliyyələşlədirilməsi üzrə mənbələrdən daxilolmaların ümumi məbləğində proqnozdan kənarlaşmalar baş versin. Qanunun 23.4-cü maddəsinə görə, qeyd olunan hər istiqamət üzrə faktiki daxilolmaların rüblük həcmi təsdqilənən proqnoz göstəricidən ən azı 10% kənarlaşması büdcəyə yenidən baxılması üçün ilk hüquqi zəmindir. Lakin Qanunun 18.4, 18.5,18.6 və 19.6-cı maddələri hökumətə imkan verir ki, hətta bu səviyyədə gəlirlərin azaldığı şəraitdə belə xərclərin həcmini də daxilolmaların azalmasına uyğunlaşdırsın;

2) Əgər yuxarıda qeyd olunan səlahiyyətlər çərçivəsində hökumət xərcləri gəlirlərin azalmasına uyğunlaşdıra bilmirsə, gəlir və xərclər arasında tarazlığın pozulması riski yaranırsa, may ayının 15-dən tez, oktyabrın 15-dən gec olmayaraq büdcəni dəyişmək üçün parlamentə təqdim edilməlidir.

İndiki stiuasiya bir qədər fərqlidir: büdcə qaydası tətbiq edilməyə başlayıb, hökumət cari maliyyə ili üzrə icmal büdcə xərclərini əvvəlki ilə nisbətən 3% artımla proqnozlaşdıra bilər. 2019-cu ilin büdcəsi də həmin tələbə əsasən tərtib edildiyindən xərclərin cəmi məbləğini artırmaq hökumətin gündəliyində deyil.

Hüquq toxunulmaz bir nəsnə deyil. Əgər mövcud hüquq davranışları dəyişmək üçün maneədirsə, onun özünü təcili dəyişmək lazımdır. İndiki mənzərəyə baxın: büdcənin içərisi dəyişdirilir – kreditlərin kompensasiyası və sosial müdafiə xərcləri üçün tələb olunan təxminən 1.5 mlrd. manata yaxın vəsait, sən demə, büdcədə nəzərdə tutulumbuş.
Bəs hansı funksional bölmələrdə, onların hansı köməkçi bölmə və paraqraflarında? Axı büdcə təsnifatı var, bu təsnifata görə hər maliyyə ili üzrə büdcənin məxaric hissəsi elə tərtib edilməlidir ki, nəinki deputatlar, müstəqil analiz institutları, hətta sadə vətəndaşlar belə ilin büdcəsinə baxanda onun hər qəpiyinin hara gedəcəyini, o qəpikdən bu vətəndaşa nə düşəcəyini aydın görə bilsin. Əgə vətəndaş, hətta millət vəkilləri və büdcə araşdırmaçıları büdcəni rəqəmlərlə “oxuya” bilmirlərsə, deməli, həmin büdcə şəffaf deyil.
Məsələn, maliyyə nazirindən müsahibə götürən jurnalist soruşa bilərdi ki, əgər büdcədə əvvəlcədən nəzərdə tutulmuşdusa, ən azından niyə büdcənin izahat hissəsində, Vətəndaşın Büdcə Bələdçisi nəşrində bu məqamlar əksini tapmayıb.

Gəldiyim nəticə: islahat yalnız strukturların və kadrların yenilənməsi deyil. Ən əsası onların davranışlarının dəyişməsidir. Gətirdiyim misalda davranışların dəyişməsi o zaman ola bilər ki, hökumət büdcəni şəffaf tərtib eləsin, ordakı hər manatın təyinatı aydın görünsün, hökumət büdcəni öz baxışı ilə dəyişə bilməsin, ən xırda dəyişikliklər belə Parlamentin, onun yaratdığı təsisatın – ictimai maliyyəyə xarici audit funksiyasını yerinə yetirən Hesablama Palatasının rəyini alsın, ictimai müzakirələr keçirsin, bütün maraq qruplarının ehtiyaclarını ictimai müzaikələr əsasında özlərindən öyrənsin.
Sonda da büdcəni hamının gözünün qarşısında, hamının iştirakı il dəyişsin. Kabinetlərdə verilən qərarlar qaldıqca, davranışlar dəyişməyəcək…
Doğrudan da fenomenal situasiyadır: pis-yaxşı bütün büdcə rəqəmləri ortadadır, amma büdcədə kredit kompensasiyası, maaş, pensiya və müavinət artımı üçün vəsaitlərin hansı mənbədən götürüləcəyini görə bilmir. Məsələn, tutaq ki, Gürcüstanda, Türkiyədə büdcəyə məsul komitənin millət vəkilinin çıxıb “hökumət yəqin ki, büdcədə bu artımları öncədən nəzərdə tutub” tipli açıqlamasını görə bilərsinizmi?


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr