Gültəkin Hacıbəyliyə qarşı iyrənc təxribat

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliona qarşı olan son təzyiqlərlə bağlı facebook səhifəsində məlumat verib. G.Hacıbəyli yazır: “Bu barədə yazmaq istəməsəm də, dostların təkidilə yazıram. Həm də ona görə yazıram ki, Azərbaycan hakimiyyətinin daxilində mərkəzdənqaçma meyillərinin nə dərəcədə ciddi olduğunu və hakimiyyətdən qopmaların an məsələsi olduğunu anlayasınız. Son iki ay ərzində, xüsusilə də, bu gün hakimiyyətin mənə qarşı etdiyi rüsvayçılıq buna ən bariz sübutdur. Çox qorxurlar, ona görə də mənim nümunəm ilə ətraflarında olan insanları da qorxutmaq istəyirlər ki, baxın ha, bizə qarşı getsəniz, başınıza oyunlar açarıq! Ona görə də bu gün nəzarətlərində olan KİV-lər vasitəsilə mənə qarşı növbəti kampaniyaya başlayıblar və bəri başdan deyim ki, bu kampaniyanın da aqıbəti hakimiyyət üçün əvvəlkilər kimi rüsvayçı olacaq!
Keçək mətləbə. Bu gün mənim maşınımı oğurlayıblar! Bəli, məhz oğurlayıblar! Yolla getdiyim yerdə Dövlət Yol Polisinin patrul maşını saxlayıb və deyib ki, maşınınız cərimə meydançasına yerləşdirilməlidir. Səbəbini soruşanda “mənə heç nə deməyiblər, sadəcə, saxla, cərimə meydançasına apar deyiblər. Siz Bakı Şəhər Dövlət Yol Polis idarəsinə yaxınlaşın, orada səbəbini izah edəcəklər” deyiblər. Bakı DYPİ-nə yaxınlaşdım, 102 saylı kabinetdə əyləşən adını dəqiq xatırlamadığım rəislə görüşdüm, o da “biz heç nə bilmirik, yəqin məhkəmə qətnaməsi var, bizə Respublika Dövlət Yol Polisindən göstəriş veriblər ki, maşını saxlayın. Siz Respublika DYPİ-nə müraciət edin, səbəbini aydınlaşdırın” dedilər. Nəsimi rayon məhkəməsində mənə qarşı siyasi sifarişli mülki iş olduğundan Nəsimi rayon İcra Şöbəsinə zəng vurdum, rəislə danışdım və o, idarə etdiyim avtomobilin saxlanması ilə bağlı heç yerə müraciət etmədiyini dedi. Respublika DYPİ-nə getdim. Oradakılar, məsələdən, ümumiyyətlə bixəbər idilər. Maşınımın sənədlərini araşdırdılar və “sizin avtomobilin saxlanması üçün heç bir hüquqi əsas yoxdur və biz heç bir orqana sizin maşının saxlanması ilə bağlı göstəriş verməmişik” dedilər. Mən bu anormal vəziyyəti aradan qaldırmağı tələb edəndə, kiməsə zəng etdilər və “sizin məsələniz bizlik deyil, siz Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general Elxan Həsənovla görüşməlisiniz. Sizin işinizə o aydınlıq gətirəcək” məsləhətini verdilər. Siyasi opponentlərin maşınlarını oğurlamaqla onları Bakı Şəhər Baş Polis İdarəsinə görüşə dəvət etmək YAP hakimiyyətinin 19 yanvar mitinqlərindən sonrakı yeni taktikasıdır yəqin. Ancaq bu, həm də oğurluq hadisəsidir. Heç bir hüquqi əsas olmadığı halda və Respublika Dövlət Yol Polis İdarəsi və Nəsimi rayon İcra Şöbəsi bunu təsdiq etdiyi halda avtomobilim niyə oğurlanmalıdır ki?! Təbii ki, hakimiyyətin ətrafında olan və hakimiyyətin sonunun yaxınlaşdığını hiss edən insanları qorxutmaq və bununla da mərkəzdənqaçma meyillərini önləmək üçün! Ancaq bu əməl, sözsüz ki, qanunsuzdur və bununla bağlı, yəqin ki, məhkəməyə şikayət verəcəyəm.
Bu, mənə qarşı 19 yanvardan sonra başlamış yeni təqib kampaniyasının artıq üçüncü mərhələsidir. İlk öncə, oğlumun təhsil məqsədilə ölkədən çıxışına icazə verilməsilə bağlı iddiamı Nəsimi rayon məhkəməsi təmin etmədi. Özü də ötən ilin dekabr ayında keçirilən məhkəmə hazırlıq iclasında hakim Emin Mehdiyev ” heç bir problem görmürəm, uşağın hüquqları üstün tutulmalıdır” demişdi. Sonra işi Rəşid Səmədov adlı başqa bir hakimin icraatına verdilər … və sonra izdihamlı və coşqulu 19 yanvar mitinqi baş tutdu və hakimiyyət qorxdu. Əvvəlcə, heç bir hüquqi əsas göstərmədən, “uşağın hüquqlarını üstün tutaraq” onu təhsil, müayinə və istirahət üçün xaricə getmək hüququnu əlindən aldılar. Sonra, mənə qarşı Azərbaycan hakimiyyətinin 2013-cü ildə istifadə etdiyi kart yenidən dövriyyəyə buraxıldı. O vaxt evdar qadın Məmmədova Nəhayət Vəli qızı üzümə durub guya mənim ondan düz on il əvvəl – 2003-cü ildə evimi təmir etmək üçün 50 min ABŞ dolları borc aldığımı iddia etmişdi. Və buna görə iki ağır cinayətə görə Bakı Şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunmuş qızı, insan alverçisi Aynur Mehdiyevanın 8 il 6 aylıq həbs cəzasının şərti cəza ilə əvəzlənməsinə nail olmuşdu. Həmin mülki işlə bağlı 2017-ci ilin dekabr və 2018-ci ilin dekabr aylarında Nəsimi rayon məhkəməsində iki iclas keçirilib, iddiaçı həmin iclasların heç birinə gəlməyib. Məhkəmə də 11 yanvar 2018-ci il tarixli qərardad çıxarıb və oarada qeyd edib ki, iddiaçı iki dəfə məhkəmənin yeri və vaxtı barədə qanuna müvafiq şəkildə məlumatlandırılsa da, heç bir üzürlü səbəb göstərmədən iclaslara gəlməyib və buna görə də iş baxılmamış saxlanılır”. Sonra həmin qərardad xəbərnaməli məktubla tərəflərə göndərilib, lakin ötən bir il ərzində iddiaçı ondan şikayət verməyib. Ta ki, Milli Şuranın möhtəşəm 19 yanvar mitinqinə qədər! Bu mintinqdən sonra şanlı hökumətimiz iddiaçını axtarıb tapıb və yadına salıb ki, sən axı kasıb, acından ölən, öz mənzilini təmir etmək üçün cibindən bir manat pul çıxmayan millət vəkilinə 50 min dollar borc vermişdin, nə tez unutdun! Yeri gəlmişkən, bu gün millət vəkili olduğum zaman evimi təmir etmək üçün heç bir maddi imkanım olmadığı üçün Məmmədova Nəhayətdən 50 min dollar borc almağım xəbərini (iddia ərizəsində belə göstərilib) yayan hakimiyyət mediası beş-altı ay əvvəl eyni həyasızlıqla məndən oliqarx düzəldib olmayan sərvətlərimdən və mülklərimdən yazırdı. Yəni, mən millət vəkili olduğum zaman həm ölkəni çapıb-talayan oliqarx olmuşam, həm də o qədər kasıb olmuşam ki, mənzilimi təmir edib ev advadanlığı ilə təmin etməyə bir qəpik pulum olmayıb və evimdə olan son çöpün də pulunu evdar qadın olan Məmmədova Nəhayətdən borc almışam! Lütfən, bir qərar verin, mən oliqarxam, yoxsa bomj? Beləliklə, heç bir sübut, əsas, bircə poçt arayışı belə olmadan Nəsimi rayon məhkəməsi işi təzələyir və baxışa təyin edir. İş də nə iş! İddiaçı ərizədə mənə borc verdiyini yazır, ancaq əlində notarial qaydada təsdiq olunmuş bircə sənəd-sübut olmadığı üçün qanunsuz varlanma maddəsini qoyur. Borc öhdəliyi üzrə iddia müddəti üç il, qanunsuz varlanma üzrə iki ildir. Həmin müddətlər də 2005 və 2006-cı illərdə dolub. Yəni, iddiaçının əlində hətta notarial qaydada təsdiq edilmiş müqavilə olduğu halda belə, 2006-cı ildən sonra məhkəmə iddia müddətinin keçməsi səbəbilə bu iddianı təmin edə bilməz! Ancaq bu axmaq və uydurma iddiaya görə mənim evimə də, avtomobilimə də beş ildir ki, iddianı təmin etmə tədbiri kimi həbs qoyulub! Evin dəyəri iddia tələbinin həcmindən dəfələrlə çoxdursa, maşına niyə həbs qoyulmalıdır?! Bu nisyə həbsdir, əmlakdan istifadə edirəm, ancaq sata bilmirəm, çünki birdən məhkəmə iddiaçının xeyrinə qərar çıxarsa, əmlak iddianın təmininə yönəlsin. Ancaq məhkəmə bu qərarı çıxara bilmir və bilirsinizmi niyə?! Çünki, iddiaçı 2004-cü ilə aid bir bloknotu açıb qoyub qarşısına və öz xəttilə yazıb doldurub ki, bəs parketə bu qədər pul vermişəm, kafelə, metlaxa bu qədər! Bəli, bəli, adı bir bloknot kağızında iddiaçının öz xəttilə yazdıqları əsasında mülki proses də keçirirlər, üstəlik əmlaka həbs də qoyurlar! Həmin “sübutların” şəklini şərh bölümündə paylaşıram. Özüm də evdən təsadüfən, 2004-cü ilə aid bloknot tapmışam. Mən də istəyirəm ki, həmin bloknotun boş səhifələrinə öz xəttimlə yazam ki, mən 2004-cü ildə maddi imkanı olmayan Ramiz Mehdiyevə 100 min dollar, kasıb Fikrət Məmmədova 200 min dollar borc vermişəm. Görəsən, mənim iddia ərizələrimi Azərbaycan məhkəmələri icraata götürüb bu şəxslərin bütün əmlakı üzərinə həbs qoyarmı?! Özləri də bilirlər ki, perspektivsiz işdir, özləri də bilirlər ki, etdikləri bütün cinayətlərə görə layiqli cəza alacaqlar, vurduqları maddi və mənəvi ziyana görə artıqlaması ilə kompensasiya ödəyəcəklər, özü də bu kompensasiya indi olduğu kimi vətəndaşların cibindən-dövlət büdcəsindən ödənməyəcək, evlərini, mülklərini satıb ödəyəcəklər, bal kimi ödəyəcəklər, ancaq xislət əqrəb xislətidir, sancmasalar, yaşaya bilməzlər. Mənim maşınımı avtomobil dayanacağına yerləşdirməklə guya mənə sataşanlara, bu səviyyədə düşüklük edənlərə deyəcək sözüm də yoxdur. Mən, sadəcə, onların halına acıyıram. Mən gənc yaşlarımda ən yüksək vəfizə, hörmət və imtiyaz görmüş və bütün bunlardan ləyaqətli həyat naminə imtina etmiş insanam. Mən onlara da ləyaqətli həyat yaşamağı arzulayardım, ancaq təəssüf ki, bunun üçün artıq gec olduğunu bilirəm.

P.S. Madam ki, mənimlə görüş arzusundadırlar, sabah nümayəndəm Namizəd Səfərovla Bakı Şəhər Baş Polis İdarəsinə gedəcəyəm. Ümid edirəm ki, oradakı generallardan hansısa birinə 100 min dollar borcum yoxdur)))”.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr