''Bir ildən çoxdur icra başçısının qəbuluna düşə bilmirəm''

Elçin Həsənzadə: ''İcra hakimiyyətinin qəbul otağında hər gün narazılıq var''

“İcra hakimiyyətinin qəbul otağını hər gün narazılıq səsləri bürüyür. Yoldan, nəqliyyatdan, işıqdan, sudan, qazdan, qəzalı binadan, qanunsuz söküntüdən şikayətə gələn yüzlərlə vətəndaş nə icra başçısının, nə də müavinlərinin qəbuluna düşə bilir. Adamlar dəstə-dəstə, aylarla gəlib-gedirlər, xeyri yoxdur. Mən özüm də 1 ilə yaxındır ki, başçının qəbuluna düşməyə cəhd edirəm, ancaq alınmır. Hər dəfə bir bəhanə ilə geri qaytarılıram. Məmur vətəndaşı qəbul etmirsə, vətəndaş dərdini kimə deməlidir?”

Sumqayıt şəhər sakini Elçin Həsənzadə belə deyir.

İcra başçısından sosial problemlərinin həllinə görə kömək istəyir

Elçin Həsənzadə danışır ki, vaxtilə Sumqayıtın keçmiş icra başçısının təhdidlərinə məruz qaldığından 5 il əvvəl oradakı evini satıb. Ancaq yenisini ala bilməyib. Pullarını həmin aralar xərçəngdən əziyyət çəkən anasının müalicəsinə xərcləyib. Anası vəfat edəndən sonra Mingəçevirə köçüb və indiyədək orada kirayədə yaşayır. Sumqayıtın icra hakimiyyətinin başçısı dəyişdirildikdən və təhdidlər aradan qalxdıqdan sonra doğma şəhərinə qayıtmaq və həyatını qaldığı yerdən davam etməyə qərar verib. O, işsizliyi aradan qaldırmaq və yaşayış yeri ilə təmin olunmaq üçün icra hakimiyyətinin hazırkı başçısı Zakir Fərəcovun qəbuluna düşmək istəsə də, aylardır ki, buna nail ola bilmir.

Qapıdan içəri keçmək olmur

“Uzun müddətdir ki, icra başçısının qəbuluna düşüb həm mənzil, həm işsizlik, həm də başqa sosial problemlərimin həllinə çalışmağa cəhd edirəm. Sumqayıt sakiniyəm, bir vaxtlar həyatıma təhlükə olduğuna görə oradan didərgin salınmışam, indi qayıdıb həyatımı davam etmək istəyirəm. İşimi də, evimi də keçmiş icra başçısının təhdidləri nəticəsində itirmişəm. İtirdiklərimi indi geri qaytarmaq imkanım yoxdur. İndiki başçıdan bu işdə bir vətəndaş olaraq dövlətin yardımından yararlanmaq üçün xahiş etmək istəyirəm. Ancaq bu cəhdlərim uğursuz alınır. Sumqayıtın icra hakimiyyətində vətəndaşların qəbulu sıfır səviyyədədir. Nə yazdığım məktublara cavab verilir, nə də gedəndə qapıdan içəri keçmək olur,” – Elçin Həsənzadə deyir.

Deyirlər, get, bizə elektron müraciət elə

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, deyilənlər həqiqətəuyğun deyil. Başçı Zakir Fərəcov hər həftənin cümə günü saat 11-dən vətəndaşları qəbul edir, problemlərini dinləyir, vətəndaşların problemləri qəbulda iştirak edən müxtəlif qurumların nümayəndələri ilə müzakirə olunur, çıxış yolları axtarılır. Həftənin digər günlərində isə vətəndaşları icra başçısının müavinləri və şöbə müdirləri qəbul edib dinləyirlər.

Elçin Həsənzadə isə deyir, icra hakimiyyətinə gedəndə ona elə qapıdaca bildirilir ki, əvvəlcə elektron müraciət etsin, müraciətinin məqsədi, məzmunu ilə tanış olduqdan sonra özləri onunla əlaqə saxlayacaqlar:

“Deyirlər, get, bizə elektron müraciət elə... Dəfələrlə elektron müraciətim olub, heç birinə də cavab verilməyib. Sumqayıtda vətəndaş cəmiyyətinin fəal üzvü olmuşam, şərlənmişəm, dəfələrlə inzibati həbsə atılmışam, sonuncuda barəmdə məhkəmə hökmü olub, 1 il islah işlərinə və cəriməyə cəlb olunmuşam. Bu hökumət demək olar ki, hər şeyimi əlimdən alıb, bircə anam idi, o da dərddən xəstəliyə tutulub dünyasını dəyişdi. İndi hökumət zəhmət çəksin, əlimdən aldığını özümə qaytarsın. İcra başçısından istədiyim də budur. Keçmiş başçının mənə vurduğu zərbələrin əvəzini indiki icra başçısı ödəsin. Rahat, isti ev-eşiyim, işim, qazancım olub, hamısını alt-üst ediblər, məndən aldıqlarını özümə qaytarsınlar. 6 ildən coxdur evimi satmışam, məni heç bir yerə qeydiyyata götürmürlər, bir vətəndaş olaraq havada qalmışam. Çünki bu ölkədə rüşvətsiz sənəd əldə etmək olmur, hər yerdə bürokratik əngəllər var”.

Şöbə müdiri də aradan çıxdı

Fevral ayının əvvəlində Elçin Həsənzadə növbəti dəfə başçı Zakir Fərəcovun qəbuluna düşməyə cəhd etdiyini deyir. Ona vəd olunub ki, yaxın günlərdə telefonla əlaqə saxlayıb qəbula dəvət edəcəklər. Lakin fevral ayının ikinci ongünlüyü başa çatanda o özü növbəti dəfə quruma müraciət edib, bildiriblər ki, icra başçısının hələ qəbul etməyə vaxtı yoxdur. Elçin Həsənovun sözlərinə görə, bir neçə gün əvvəl o, növbəti dəfə icra hakimiyyətində olanda binanın qarşısında qurumun şöbə müdirlərindən biri Fərman Kazımovla qarşılaşıb. Şöbə müdiri ona və qəbula gəlmiş digər vətəndaşlara tələsdiyini, 30 dəqiqədən sonra işə dönəcəyini deyib. Həmçinin onların icra başçısı ilə görüşmələrinə kömək edəcəyinə söz verib. Ancaq vətəndaşlar saatlarla gözləsələr də, gəlib çıxmayıb.

Hüquqşünas Namizəd Səfərov deyir, vəzifəli şəxslərin qəbuluna düşə bilməyən vətəndaşlar kütləvi şəkildə məhkəməyə müraciət edə bilərlər: “Vətəndaşları qəbul edib problemlərini dinləmək, kömək etmək şəxsin vəzifə borclarından biridir. Buna görə dövlət vətəndaşların qəbul günlərini müəyyən edən cədvəl tərtib edib. Bu cədvəl üzrə vəzifəli şəxslər vətəndaşları qəbul etməli, dinləməlidilər. Bunu etməyən vəzifəli şəxs birbaşa öz səlahiyyətini icra etməmiş hesab olunur. Buna görə də vətəndaşlar kütləvi şəkildə məhkəməyə müraciət edib həmin vəzifəli şəxsə qarşı idda qaldıra bilərlər. Təəssüf ki, Azərbaycanda təcrübədə belə bir kütləvi məhkəmə müraciətinə hələ rast gəlməmişik”.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr