Xocalı köçkününün ailəsi vaqonda yaşayır

“Ötən 27 il ərzində Xocalı ağrısının canımızdan çıxmasını qoymayan evsiz qalmağımızdır. Bu müddətdə atam vəfat edib. Xəstə anam ahıl yaşında da rahatlıq tapa bilmir. Ailəmiz Xocalını tərk edəndə mənim 8 yaşım olub. Üstündən heç bir il keçməmiş müvəqqəti məskunlaşdığımız Ağdamın Əhmədavar kəndi də işğal olundu. Beləcə gəlib çıxdıq bu rayonun Mahrızlı kəndinə. Uşaqlığım, gəncliyim köçkünlükdə keçib. İndi dəmir qutuda- vaqonda böyüyən qızım bu əziyyəti çəkir. Bu ilin sentyabrında məktəbə getməlidir…”

Qəzalı yerdən vaqona

Xocalı köçkünü Emil Mirzəliyevin ürəyi doludur. O, bundan əvvəl də dərdini AzadlıqRadiosuna danışıb. İllər öncə gördüyümüz qəzalı evləri daha yerində yoxdur. Deyir ki, həmin bina 2016-cı ilin aprelində böyür-başında partlayan mərmilərin yaratdığı silkələnmədən uçub:

“Biz illərlə döşəməsi, tavanı olmayan, qəzalı vəziyyətə düşmüş tikilidə yaşamışıq. Bura düşənədək həmin binada mal-qara, qoyun saxlanılıb. Aprel hadisəsi nəticəsində binanın bir hissəsi uçdu. Qalan hissədə nəinki yaşamaq olmazdı, hətta onun həyətdə bu vəziyyətdə qalmağı belə təhlükə idi. İcra Hakimiyyətindən gəlib baxan kimi bizi vaqonda yerləşdirdilər. Vəd olunmuşdu ki, yaxın müddətdə dövlət hesabına evlə təmin ediləcəyik.”

Bir sərəcamın doğurduğu sevinc və məyusluq

E. Mirzəliyev bildirir ki, ötən ilin noyabrında televiziyadan eşitdikləri bir məlumat onlarda evlə bağlı daha böyük ümid yaradıb:

“Ağdamda 121 fərdi yaşayış evinin bərpası ilə bağlı prezident sərəncamı oxundu. Həmin sərəncamla yaşadığımız Ağdam rayonunun Mahrızlı kəndində 9 ev tikilməyi nəzərdə tutulub. Dərhal icra nümayəndəsi ilə əlaqə saxlayıb maraqlandım. Mənə cavab verildi ki, o evlərdən biri sizin olacaq. Amma vəsait ayrılıb iş başlananda bizə ev tikməkdən imtina etdilər. Bundan sonra icra başçısı məni nə qəbuluna buraxır, nə də müraciətlərimə cavab verir.”

“Pul əldə etməkdən ötrü bizdən istifadə edilib”

E. Mirzəliyev iddia edir ki, mərkəzi icra hakmiyyəti orqanlarına, xüsusilə Dövlət Təhlükəsizlik Xidmətinə şikayətindən sonra Ağdam Rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənov onu qeyri-rəsmi qaydada qəbul edib.Amma şikayəti yenə təmin edilməyib.

E. Mirzəliyev vurğulayıb ki, tək o yox, mərkəzi hakimiyyət də aldadılıb:

“Gəlib mənim yaşayış şəraitimə baxıblar, sənədlər hazırlayıb, şəkil çəkib Prezident Adminstrasiyasına göndəriblər. Sərəncam veriləndən, pul ayrılandan sonra kimə ev tikib, kimə tikməməklə bağlı özbaşına qərarlar qəbul ediblər. Belə çıxır ki, rayon üçün vəsait əldə etməkdən ötrü bizdən vasitə kimi istifadə edilib. Mənim ailəm daha neçə il Xocalı müsibətini yaşamalı, vaqonda çürüməlidir?!”

İcra Hakimiyyəti: “Gedib köçkün evlərində növbəyə dursunlar”

Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev Emil Mirzəliyevin onlara müraciət etdiyini təsdiqləyir.

O, köçkün ailəsinin vəziyyətindən də hali olduğunu deyir. Lakin vurğulayır ki, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, barəsində danışılan sərəncamın təsiri altına düşmür:

“Ağdamın 19 yaşayış məntəqəsində 139 ailəyə 121 ev tikilməyi ilə bağlı məlum sərəncam məcburi köçkünlərə aid deyil. Evlə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bizə minlərlə adam müraciət edib. O cümlədən, Emil Mirzəliyev də. Onlar həqiqətən çətin şəraitdə yaşayırlar. Yaxın vaxtlarda belə ailələr üçün də ev tikiləcək. Bu məqsədlə rayonun Quzanlı qəsəbəsindən torpaq sahəsi ayırmışıq. Məsləhət görürəm ki, onlar köçkünlər üçün tikiləcək evlərə növbəyə dursunlar.”

Emil Mirzəliyev isəbu deyilənlərlə razılaşmır:

“Əvvala, sərəncamda “mülki əhali” ifadəsi işlədilib. İndiyədək Aprel hadisələrindən zərər çəkənlər “yerli əhali” və “məcburi köçkünlər” şəklində qruplaşdırılmayıb. İnanmıram ki, dövlət başçısı faciə qurbanlarına fərqli münasibət sərgiləsin. İkincisi də, yaşadığım Mahrızlı kəndində hazırda tikilən 4 evdən 2-si köçkün ailələr üçündür…”.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr