Dövləti cinayət alətinə çevirənlər

Rafiq Manaflı

Bilirsinizmi cinayətlərin gül açıb cicəkləndiyi yer haradır? O yerdir ki, cinayətkarların əlində nə az, nə çox – bütöv bir dövlət olur. Bütün atributları, bütün siyasi, iqtisadi, hüquqi gücü ilə.
Yalnız belə bir dövlətdə nazir oliqarx ola bilər, işdən çıxarılan hər bir məmurun altından sərvətlər çıxar, Əli Abbasov tipli məmur 300000 manat paket aldığını, Tağı Əhmədov fasonlu başqa bir məmur 3 milyon manat rüşvət verdiyini bəyan edər və heç tükü də tərpənməz. Ala biləcəkləri ən ağır cəza isə “utanmalısan” tənəsi ola bilər.
Və ya, yalnız dövlət bir dəstə cinayətkarın əlində alət olanda barmaqdan sovurma ittihamlarla, məsələn, Gözəl Bayramlı 3 il müddətinə həbs olunar, öz halal pulundan dostuna yardım etdiyi üçün vətən müharibəsində barmaqla sayılacaq uğurlardan birinə imza atan qəhrəman, Saleh Rüstəmli bütün nəslinin əmlakı müsadirə olunmaqla 7 il 3 ay həbsə məhkum olunar (gələcəkdə bu talançılara tətbiq edilə biləcək əla presedentdir), yaxud Gültəkin Hacıbəylinin avtomobilini gündüz saat 12-də həbs edib axşam saat 5-də həbs qərarı çıxarıla bilər.
2012-ci ildə “Minçenko konsaltinq” qrupunun analitik məruzəsində Rusiyada hakimiyyəti zəbt etmiş mafioz klanın yaxın 10 il üçün strateji məqsədləri belə ifadə edilmişdi:
1) Hakimiyyətin mülkiyyətə konvertasiyası.
2) Əldə edilmiş mülkiyyətin vərəsəlik üzrə ötürülməsi. İrsi aristokratiyanın yaradılması.
3) Əldə edilmiş mülkiyyətin qərbdə legitimləşdirilməsi.
Azərbaycanda dərin analitik araşdırmaya heç ehtiyac da yoxdur. Ötəri baxış kifayət edir ki, Azərbaycanı qəsb etmiş bir dəstə qanuni oğrunun da həmin o 3 məqsədi özləri üçün hədəf götürmələri aydın görünsün.
Və etiraf edək ki, hədəflərinə doğru yolun yarısını da qət etmişdilər. Sadəcə ağılsızlıqları, siyasət deyilən anlayışdan heç nə qanmamaları və traktor kimi şumlaya-şumlaya getmələri onları yarı yolda qoydu.
Bundan sonra o istiqamətdə bir addım belə irəliləyişdən söhbət gedə bilməz. İndi daha hesabat vaxtıdır. Çox qısa zamandan sonra isə cavab vermək vaxtı yetəcək. Suallara deyil, ittihamlara.
Və ittiham formulu da hazırdır. II dünya müharibəsindən sonra Nürnberq prosesində sovetlərin ittiham formulu: “Bütöv dövləti zəbt etmiş və bu dövləti öz cinayətlərinin alətinə çevirmiş cinayətkarlar” – tamamilə keçərlidir.
Yalnız “zəbt etmiş” sözünü “qəsb etmiş” sözü ilə əvəz etmək kifayətdir.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr