5.4 milyard zərər vurduqları adamlara cüzi kömək qərarı verilib

AXCP İqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev

Xarici valyutada kredit borcu olanlara 2 gecədə azı 5,4 milyard manat zərər vurulub. Bu qədər zərər qarşılığında dövlət başçısının Fərmanı ilə verilməsi nəzərdə tutulan kompensasiya yetərli sayıla bilməz.

İki devalvasiyanın xarici valyuta ilə kredit borcu olanlara birbaşa vurduğu ziyanı hesablamağa çalışaq. 1-ci devalvasiyadan əvvəl xarici valyutada 6,4 milyard dollar həcmində kredit borcu olub (MB-nin 2015-ci il yanvar ayının sonuna olan məlumatı). O zamanlar 1 dolların məzənnəsinin 78 qəpik olmasını unutmamısınız, yəqin ki. Bu məzənnə ilə 6,4 milyard dollar borca görə 5 milyard manat (6,4 X 0,78≈5,0) ödəmək lazım gəlirdi. Lakin 21.02.2015-ci il tarixdə həyata keçirilən 1-ci devalvasiya nəticəsində dolların məzənnəsi 1,05 manata qalxdı. Bu səbəbdən borc məbləği manatla ifadədə 6,7 milyarda (6,4 X 1,05≈6,7 manat) yüksəldi. Yəni, 1-ci devalvasiyanın nəticəsində dollarla kredit borcu olanların borc yükü 1,7 milyard manat və ya 34% artdı: devalvasyadan əvvəl 5 milyard manat, devalvasiyadan sonra 6,7 milyard manat.

Lakin hökumət bununla kifayətlənmədi. Növbəti 9 ayın tamamında, elə həmin il dekabr ayının 21-də 2-ci və daha böyük devalvasiya tətbiq elədi və dolların məzənnəsini 1,05 manatdan 1,55 manata yüksəltdi. 2-ci devalvasiyaya qədər bankların xarici valyuta ilə verdiyi kreditin məbləği 7,5 milyard dollar olub (MB-nin 2015-ci il noyabr ayının sonuna olan məlumatı). Əgər 2-ci devalvasiyaya qədər borclular bu borca görə 7,9 milyard manat (7,5 X 1,05≈7,9) ödəmə etməliydilərsə, 2-ci devalvasiyadan sonra həmin borca görə 11,6 milyard manat (7,5 X 1,55≈11,6) ödəmək məcburiyyəti yarandı. Bu dəfə borc yükü daha 3,7 milyard manat (11,6-7,9=3,7) və ya 47% artdı.

Beləliklə, hökumətin 2 gecədə tətbiq elədiyi 2 devalvasiya xarici valyuta ilə kredit götürmüş borcluların borc yükünü 5,4 milyard manat (1,7+3,7=5,4) artırmış oldu.

Lakin borclulara dəyən zərər bununla bitmir. Buraya dollarla hesablanan faizlərin devalvasiya səbəbindən əmələ gələn artımını da əlavə etmək lazımdır. Çünki xarici valyuta ilə borcu olanlara ən böyük zərbələrdən biri də bu yandan dəyib. Bu hesabla, borclulara dəyən zərər 5,4 milyardın üzərindədir.

Borc yükünün bu dərəcədə artmasının əhalinin müflisləşməsində, onun alıcılıq qabiliyyətinin azalmasında xüsusi rolunu inkar eləmək mümkün deyil. Odur ki, dövlət başçısının Fərmanı ilə verilməsi nəzərdə tutulan kompensasiya məbləği müəyyən qədər yardım hesab olunsa da, borclulara vurulmuş zərərlə müqayisədə çox azdır. İki devalvasiya nəticəsində əhalinin banklarda manatla saxladığı əmanətlərin 2 milyard dollar həcmində dəyər itirməsini də bu müqayisədə nəzərə alsaq, o zaman arada yerlə göy qədər fərq yaranar (manat əmanətləri 1-ci devalvasiyadan əvvəl 4,3 milyard manat, 2-ci devalvasiyadan əvvəl 1,7 milyard manat olub).


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr