Hökumətə təşəkkür etməliyikmi?

Yaxud, islahat və humanizm necə olur?

İlham Hüseyn 

Əziz xalqım, biz uzun illərdi hökumətin xalqa yönəlik heç bir addımının şahidi olmamışıq. Yalnız qiymət artımlarının, cərimələrin, rüşvətin, süründürməçiliyin, haqsızlığın şahidi olmuşuq. Ona görə də ən xırda bir sərəncamı, 10 faiz maaş artımını, 3 manat təqaüd qalxmasını irəlilləyiş, uğur, islahat kimi qəbul edirik.
Son günlər isə ard-arda sərəncamlar imzalanması, problemli kreditlərlə bağlı addımlar atılması, məcburi köçkünlərə verilən müavinətin artması və.s məsələlər bizdə təəccüb doğurub. Sanki, hökumət qeyri-adi uğura imza atıb, sanki bizə neftdən pay verilib.
Dostlar, 4 il əvvəl devalvasiya baş verdi və bir gecədə vətəndaşlara yüzmilyonlarla zərər dəydi. Təbii ki, nəticədə məmur bankları qazandı. 4 ildən sonra isə əhalinin etirazının artmasını gördülər və bu zərərin az bir hissəsini ödəmək qərarına gəldilər. Təsəvvür edin ki, biri sizdən 100 manat pul oğurlayır və 4 ildən sonra 20 manatın geri qaytarır. Buna görə həmin adama təşəkkür etmək lazımdır?
Yaxud, minimum əməkhaqqına nəzər salaq. İki dəfə artımdan sonra düşmən Ermənistana çata bilmədik. Bu qədər sərvəti olan dövlətin vətəndaşı heç bir sərvəti olmayan Ermənistan vətəndaşından az maaş alır.
Axı məmurun milyarderə çevrildiyi ölkədə vətəndaş 180 manata görə niyə minnət götürməlidir?
Təhsil haqqının 4000-5000 manat olduğu ölkədə tələbə 5-10 manat təqaüd artımına görə niyə sevinməlidir?
Ümumiyyətlə, vətəndaş hökumətə niyə təşəkkür etməlidir? Bu pulları hökumətdəkilər cibindən ödəmir. Bu pullar dövlətindi, xalqındı. Yeri gəlmişkən, Qazaxıstan, Ukrayna, Yunanıstan və digər ölkələr bank kreditlərini çoxdan ləğv ediblər və vətəndaşı bu yükdən xilas ediblər. Azərbaycanda isə qiymətlər 50-60 faiz qalxdıqdab sonra, 19 yanvar mitinqinin yaratdığı qorxunun ardınca kosmetik addımlar atıldı və telekanallar bunu hökumətin “diqqət və qayğı”sı kimi başımıza çırpırlar.
Biz indi neftdən gələn haqqımızı, ödənişli təhsilin ləğvini, monopoliyaya son qoyulmasını, seçki islahatı həyata keçirilməsini, oğurlanmış pulların ölkəyə qaytarılmasını tələb etməli olduğumuz halda, 10 manatlıq maaş artımının, kredit borcumuzun bir hissəsinin silinməsinin sevincini yaşayırıq.
Bizi o qədər kiçildiblər ki, ən kiçik “ənam”ları böyük hədiyyə kimi qəbul edirik.
Bütün bu başverənlər humanizm və islahat deyil, balaca uşağı konfetlə sevindirmək cəhdidir.
Bizim olanın az bir hissəsini bizə qaytarırlar, amma bizdən oğurlanan yüzmilyardları qaytarmırlar.
Nə qədər ki, talançılar iş başındadır, nə qədər ki, günahsız insanlar zindandadır, nə qədər ki, hökumət səhvlərini etiraf etməyib, nə qədər ki, vətəndaşın seçmək hüququ yoxdur, nə qədər ki, korrupsiya dövlət idarəçiliyinin əsasıdır, heç bir islahatdan danışmaq olmaz.
Neft pullarından haqqımızı almalı olduğumuz halda, devalvasiya qarətindən 5-10 manatı geri almaqdayıq.
Dünya xalqları hökumətlərinin hansı addımını islahat hesab edir, bizə hansı addımlar islahat kimi sırınır.
Düşünək, nəyə sevindiyimizi, nəyi islahat adlandırdığımızı bir daha düşünək. Biz layiq olduğumuzu almamışıq, bizə layiq görüləni alırıq. Son günlər müşahidə etdiklərimiz də layiq olduqlarımız deyil, layiq görüldüklərimizdir.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr